Şübhəsiz ki,
Həzrət Məhdinin (ə.c.) inqilabının güclü arxaya, köməyə
ehtiyacı vardır. Bu məsələnin əhəmiyyəti
bütün peyğəmbərlər və Allah övliyalarının qələbələrində
müşahidə olunur. Məsələn, İslam Peyğəmbəri
(s) Məkkə şəhərində dost və həmkarların
olmaması üzündən o cür narahatedici əziyyətlərə düçar
oldu. Nəhayət, gizlicə gecə vaxtı Mədinəyə
hicrət etdikdən sonra, orada özünə möhkəm dayaq qurdu. Beləliklə
də «Bədr» döyüşündə İslam düşmənlərinə
qələbə çaldı və nəhayət, Məkkə şəhərini
fəth edib, bütün Ərəbistan yarımadasını İslam
bayrağının altında cəmləşdirdi. Məkkə
şəhərində İslam Peyğəmbərinin dostu, həmkarı
və doğmaca əmisi Əbu Talibin Peyğəmbərin düşmən
xətasından mühafizə olunmasında böyük rolu olmuşdur. Lakin
onun vəfatından sonra müşriklərin Peyğəmbərə
qarşı olan cür᾽əti daha da çoxaldı. Bu halda, Allah tərəfindən
onun elçisi Həzrət Cəbrayıl Peyğəmbərə nazil
olub, buyurdu:
«Məkkə şəhərini
tərk et, sənin dayağın vəfat etdi.»
Peyğəmbər
(s) buyurmuşdur:
«Qüreyş tayfası
Əbu Talib vəfat edən vaxta qədər narahat idi. İndi
isə onların mənə qarşı olan cür᾽ətləri
daha da çoxalmışdır.»
Başqa bir tərəfdən
də, Peyğəmbər (s) məskunlaşmaq üçün Mədinə
şəhərini seçmişdi. Çünki əvvəlcədən bu şəhərdən
bir qrup Peyğəmbərlə (s) bey᾽ət etmək üçün O
Həzrətin (s) hüzuruna gəlmiş və onu Mədinə şəhərinə
də᾽vət etmişdilər. Mədinə şəhərində
Peyğəmbəri (s) qarşılamaq üçün hazırlıq gördülər.
İslam Peyğəmbəri (s) Mədinə əhalisi tərəfindən
təntənəylə qarşılanaraq şəhərə
daxil oldu...
Buna görə də
dost, həmkar və onların hazırlığı qələbədə
əsas rol oynayır. Həzrət Məhdinin (ə.c.) inqilabı
üçün də, gərək kişi və qadınlardan sabitqədəm
dost, həmkarlar olsun. Bu cəhətdən, həzrət Məhdiyə
(ə.c.) aid olan rəvayətlərin bir hissəsində o Həzrətin
köməkçiləri və onların xüsusiyyətləri barədə
maraqlı mətləblər mövcuddur. Orada aşkar qeyd olunmuşdur
ki, qeyd edilən xüsusiyyətlərə malik köməkçilərin
olması ilə o Həzrət zühur edəcək və nəhayət
qələbə çalacaq. İnsanlar o həzrətin intizarını
çəkdiyi kimi, Həzrət də onların və öz köməkçilərinin
intizarındadır. Deməliyik ki, o Həzrətin intizarı
daha şiddətlidir.
İndi isə bu
mətləbin aydın olması üçün onlarla, yüzlərlə rəvayətin
içərisindən diqqətinizi Həzrət Məhdinin (ə.c.)
səhabələrinin xüsusiyyətlərini bəyan edən bir
neçə rəvayətə cəlb edirik:
«Maidə» surəsinin
54-cü ayəsində oxuyuruq:
«Ey iman gətirən
şəxslər! Sizdən hər kəs İslam dinindən üz
çevirsə, Allah elə bir cəmiyyət yaradacaq ki, Allah onları
sevir, onlar da Allahı sevirlər; mö᾽minlərin qarşısında
təvazökar və mehriban, müşriklərin qarşısında
qüvvətli və möhkəmdirlər; Allah yolunda ardıcıl olaraq
cihad edər və çalışarlar; öz dini vəzifəsini icra
etdikdə, heç bir məlamət edənin məlamətindən
çəkinməzlər.»
Bə᾽zi rəvayətlərdə
nəql olunmuşdur ki, Həzrət Məhdinin (ə.c.) dostlarının
xüsusiyyətləri bu ayədə bəyan olunmuşdur. Onlar bu
sifətlərlə mürtəd, dindən çıxmış şəxslərin
qarşısında dayanar və Həzrət Məhdinin (ə.c.)
ədalətli cahanşümul hökumətinin qurulması uğrunda
mübarizə edərlər.
İmam Sadiq (ə)
buyurmuşdur:
«Bu işin sahibi (zahir olacaq şəxs-red.)
bu ayənin sayəsində (bu ayədə onların xüsusiyyətləri
bəyan edilən dostların cəmləşməsi ilə) mühafizə
olunar.»
İmam Səccad
(ə) buyurmuşdur:
«Bizim Qaimimiz qiyam
edən zaman Allah-taala bizim yolumuzda olan bütün şəxsləri bəlalardan
qoruyar, onların qəlblərini dəmir parçası kimi möhkəm
edər və onların hər birinə qırx kişinin gücü
verilər. Onlar yer üzünün hakimləri olacaqlar.»
İmam Məhəmməd
Baqir (ə) buyurmuşdur:
«Həzrət
Məhdi (ə.c.) zühur edən zaman, bizim tərəfdarlarımızın
hər birinin qüdrəti aslandan güclü, nizədən iti olacaq. Onlar
düşmənlərimizi ayaq altına alacaq və öz əlləri
ilə onları məhv edəcəklər.»
İmam Sadiq (ə)
Həzrət Məhdinin (ə.c.) dostları haqqında söylədiyi
ibarədə belə buyurmuşdur:
«Əgər onların
qarşısına dəmir dağlar çıxsa belə, onu parça-parça
edər, öz qılınclarını Allahın izni olmadan yerə
qoymazlar.»
Həzrət
Mehdi (əc.) barəsində olan rəvayətlər
içərisində o Həzrətin zühuru zamanında 313
nəfər səhabənin Kə`bə evinin kənarında
İmamın hüzuruna gəlməsi barədə müxətlif
tə᾽birli rəvayətlər nəql olunmuşdur.
İmam Mehdi (ə.c.) onların intizarı ilə
yaşayır. Onlar, əsrin imamı ilə bey᾽ət
edən ilk insanlardır. Həmin məqamda həzrət
Mehdinin (ə.c.) qiyamı başlanacaq və
mərhələ-mərhələ inkişaf edəcək. Onlar
həzrət Mehdinin (əc.) bayraqdarı və yer üzündə o
həzrət tərəfindən tə᾽yin olunmuş
hakimlər olacaqlar.
Bu
yerdə mətləbin daha maraqlı olması üçün bir İslam
tədqiqatçısının apardığı dialoqdan
istifadə edək.
Tədqiqatçı:
–Həzrət
Mehdinin (ə.c.) 313 nəfər əshabı haqqında olan
hədisi nəql etməyinizi xahiş edərdim.
–Əvvəla
deyim ki, bu barədə olan hədislər müxtəlif
ibarələrlə nəql olunmuşdur.
Rəvayətlərə baxsaq görərik ki, 313 nəfər
haqqında onlarla hədis nəql edilmişdir. Bu, onlar
barədə danışılanların haqq olmasına bir
dəlildir. Keçək nümunə ayələrə:
«Hud»
surəsinin səkkizinci ayəsində belə buyurulur:
«Həzrət
Hud (ə) öz cahil tayfasına belə buyurdu: «Ey kaş, sizə
qarşı möhkəm dayağım və qüdrətim
olaydı. Onda siz yol azmışlarla necə rəftar
edəcəyimi özüm bilərdim.»
İmam
Sadiq (ə) həmin ayənin təfsirində buyurmuşdur:
«Bu
ayədəki «qüvvət» kələməsindən
məqsəd, həzrət Mehdi (ə.c.), «rükni-şədid»
kələməsindən məqsəd isə, o
Həzrətin 313 nəfər əshabıdır.»
Başqa
bir rəvayətdə İmam Baqir (ə) belə
buyurmuşdur:
«O 313
nəfər səhabəyə baxıram. Elə bil onlar
Kufə şəhərinin uca zirvələrinə
qalxırlar. Onların qəlbləri sanki dəmir
parçasıdır.»
–313
nəfərin sayı hələ düzəlməyibdir ki,
İmam zühur etsin?
–Onlar
rəvayətlərə əsasən, bir sıra
xüsusiyyətlərə malikdir. Əgər biz bu
xüsusiyyətlərə diqqət etsək aydın olar ki, analar
hələ belə oğullar doğmayıbdır.
–Məgər
onlar hansı xüsusiyyətlərə malikdirlər?
–Məsələn,
imam Səccad (ə) buyurur:
«İmam Mehdi
(ə.c.) Məkkə şəhərində ətrafına
cəmləşmiş böyük bir cəmiyyət
qarşısında özünü təqdim edərkən və
xalqı ona birləşməyə də᾽vət
edərkən, bir qrup Həzrəti qətlə yetirmək
üçün irəli çıxacaq. Həmin 313 nəfər ayağa
qalxaraq, həzrət Mehdini (ə.c.) onların
təhlükəsindən qoruyacaq və onların
qarşısını alacaq.»
Bir çox
rəvayətlərdə onların tə᾽rifi haqqında
belə qeyd olunmuşdur: «Allah-taala onları, payız
buludlarının parçaları kimi, Məkkə
şəhərində bir yerə toplayacaq (yə᾽ni, onlar
yüksək sür᾽ətlə özlərini Məkkə şəhərinə
yetirəcəklər). Sanki, Həzrət Mehdini (ə.c.)
Kufə minbərinin üzərində 313 nəfər dostları
ətrafında toplaşmış halda görürəm. Onlar Allah
tərəfindən insanlara hakimdirlər.»
Bu
hədisə əsasən, bu 313 nəfər kamil
şücaət və elmi cəhətdən elə bir
səviyyədə malik olmalıdırlar ki, əgər yer
kürəsini 313 hissə və əyalətə bölsələr,
onların hər biri bir əyalətə rəhbərlik
etməyə layiq olsunlar.
Tədqiqatçı:
-Həqiqətən
də yer üzündə hələ bu cür xüsusiyyətlərə
malik olan 313 nəfər şəxs yoxdur. Gərək,
müxtəlif sahələrdə dərin və geniş
şərait əmələ gəlsin ki, dünya Həzrət
Mehdinin (ə.c.) zühuruna hazır olsun.
Peyğəmbərlərin öz müqəddəs
hədəflərini inkişaf etdirməkdə şücaətli
və agah dostlara ehtiyacları olduğu kimi, Həzrət
Mehdinin (ə.c.) də bu cür dostlara ehtiyacı vardır.
İstərdim ki, 313 nəfərin xüsusiyyətləri
haqqında daha geniş bəhs edəsiniz.
–«Bəqərə»
surəsinin 148-ci ayəsində oxuyuruq:
«Harada
olsanız, Allah-taala sizi bir yerə toplayacaq.»
İmam
Sadiq (ə) bu ayəni oxuduqdan sonra buyurdu:
«Bu
ayədə Həzrət Mehdinin (ə.c.) 313 nəfər
səhabəsi nəzərdə tutulmuşdur. And olsun Allaha,
(surədə buyurulan) «Ümməti-mə᾽dudə»dən
məqsəd hamısı bir saat ərzində bir yerə
toplaşacaq insanlardır. Onlar, payızın bulud parçaları güclü külək
nəticəsində bir yerə toplaşdığı kimi,
bir yerə toplaşacaqlar.»
Onların
xüsusiyyətlərindən bir neçəsini sadalayaq:
–Onlar uzaq
ölkə və şəhərlərdən Məkkə
şəhərinə daxil olacaq. Həzrət Mehdi (ə.c.)
Məkkə şəhərindən beş-altı kilometr
kənarda dayanıb, 313 nəfərin gəlişini
gözləyəcək ki, onlarla birlikdə Kə`bə evinin
ətrafına gəlsin. 313 nəfər Həzrət Mehdi
(ə.c.) ilə bey᾽ət edən ilk insanlardır.
–Onlar
həzrət Mehdinin (ə.c.) məhzərində yüksək
qeybi köməklərdən bəhrələnəcək və
Allahın qüdrəti, imamın inayəti onların başı
üzərində olacaq. Necə ki, İmam Səccad (ə)
buyurmuşdur:
«Sanki
həzrət Mehdini (ə.c.)
Kufədə 313 nəfərlə birlikdə Nəcəf
şəhərinə sarı gedən görürəm.
Həzrətin sağ tərəfində Cəbrayıl, sol
tərəfində Mikayıl, önündə isə İsrafil gedir.
İsrafil Allahın Rəsulunun bayrağını hər
hansı bir müxalif dəstəyə tərəf
yönəldirsə, Allahın izni ilə onlar həlak olurlar.»
Nə üçün, Həzrət Məhdinin (ə.c.) səhabələri
haqqında danışarkən yalnız kişilərdən söhbət
açılır, məgər qadınlar bu səadətdən məhrumdur?
Cavab: –Həzrət Məhdinin
(ə.c.) qiyamında kişilər haqqında daha çox bəhs edilməsinin
səbəbi budur ki, zühur haqqqında danışılarkən
ən çox döyüş və mübarizə məsələləri açıqlanır
ki, bu da demək olar ki, yalnız kişilərə aid olan işdir.
Qadınlar isə arxa cəbhədə və müxtəlif sahələrdə
Həzrətə (ə.c.) dayaq olacaqlar.
Onu da deyək ki, bə`zi rəvayətlərdə, həzrət
Məhdinin (ə.c.) 313 nəfər səhabəsi haqqında söz
açılarkən orada qadınların iştirakı haqqında
da kəlamlar qeyd olunmuşdur. O cümlədən, İmam Baqir (ə)
buyurmuşdur:
«And olsun Allaha! 313 nəfər kişi Məkkə şəhərində
bir yerə toplaşacaq. Onların arasında əlli nəfər
qadın vardır. Onlar payız buludları kimi, bir yer toplaşacaqlar.»
Müfəzzəl nəql edir ki, İmam Sadiq (ə) buyurmuşdur:
«On üç nəfər qadın daim həzrət Məhdi (ə.c.)
ilə birlikdədir.»
Sonra, qadınların işi barədə maraqlanan Müfəzzələ
buyurdu:
«Həzrət Peyğəmbərin (s) dövründə olduğu
kimi, bu qadınlar da yaralıları müalicə edəcək və
döyüş əlillərinə qulluq edəcəklər.»
–Həzrət Məhdinin (ə.c.) zühurunun cahanşümul
olduğunu nəzərə almaqla sizə elə gəlmir ki, İmamın
qoşununun sayı az görünür?
Cavab: –Xeyr. 313 nəfər zühurun əvvəlində
Həzrətə (ə.c.) qoşulacaq, sonra isə günbəgün
insan seli Həzrətə tərəf axışacaq.
Daha aydın desək, onlar həzrət Məhdinin (ə.c.)
hökumətinin əsas özəyi olan şəxslərdir. Məsələn,
bir rəvayətdə bu barədə belə buyurulur:
«İlahi kamala malik 313 nəfər «Həcərül-əsvəd»lə
«Məqami-İbarahim»in
arasında həzrət Məhdi (ə.c.) ilə bey᾽ət
edəcək. Onlar, Həzrət Məhdi (ə.c.) dövlətinin
məs᾽uliyyətlərinin
ağır yükünü öz öhdələrinə götürmüşlər.»
Habelə buyurmuşdur:
«Rumun fəthi döyüşündə həzrət
Məhdinin (ə.c.) 70000 nəfər «Əllahu
Əkbər» şüarı
deyən qoşunu iştirak edəcək. Onların ilk «Əllahu
Əkbər» gurultulu təkbirilə Rumun üçdə bir hissəsi,
ikinci təkbirlərin gurultusu ilə üçdə iki hissəsi, üçüncü
ilə isə, bütün ərazisi azad olunacaq.»
İmam Baqir (ə) başqa bir rəvayətdə buyurmuşdur:
«Kufə əhalisindən 70000 sadiq şəxs İmam
Məhdini (ə.c.) himayə etmək üçün ayağa qalxacaq.»