İmamın qeyb dövründə olmasının faydaları

Məhdi (ə)-a aid olan əsas suallardan biri dəbudur ki , İmamın qeyb dövründə olmasının nə kimi faydası var? Başqa sözlə desək, İmamın qeyb dövründə yaşaması bir rəhbər kimi ümumi həyat tərzi deyil , xüsusi yaşayışdır. Belə olduğu halda, onun müqəddəs vücudunun ümumi müsəlmanlar üçün nə kimi xeyri ola bilər və camaat ondan nə kimi istifadələr edə bilər?

Nəzərə almaq lazımdır ki , İmamın qeybdə olması heç də o demək deyildir ki , o Həzrətin vücudu görünməz bir ruha , yaxud görünməz bir dalğaya və bu kimi şeylərə çevrilmişdir. Əksinə , o da təbii həyat sürür , sadəcə olaraq onun ömrü uzundur. O Həzrət camaat arasında , cəmiyyət içərisindədir , müxtəlif yerlərdə yaşayır , lakin namə’lum şəkildə. Namə’lum olmaqla görünməz olmaq arasında isə (yerdən göyə qədər) fərq vardır. [1] İmam Sadiq (əleyhissəlam) buyurardı ki , camaat öz İmamını itirəcək , o , həcc mövsümü zamanı ziyarətə gələrək camaatı görər , camaat isə onu görməz. [2]

GizliGünəş

Qeyd etdiyimiz sualın cavabında xatırlamaq lazımdır ki , bu sual heç də yeni və təkcə müasir dövrümüzə aid bir sual deyil. İslami rəvayətlərdən belə başa düşülür ki , hətta Həzrət Məhdi (əleyhissəlam) anadan olmazdan qabaq da, bu sual irəli sürülmüş və istər Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) , istərsə də İmamlar Həzrət Məhdi (əleyhissəlam) və onun uzun sürəcək qeybindən söhbət açdıqda bu sualla üzləşib ona cavab vermişlər. Məsələn:

1) İslam Peyğəmbəri Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm) “Şiələr Həzrət Məhdi əleyhissəlamın qeybdə olduğu müddət ərzində ondan istifadə edə biləcəklərmi?” sualının cavabında buyurmuşdur: “Bəli , and olsun məni Peyğəmbər seçmiş Allaha ki , günəş bulud arxasında olarkən insanlar onun nurundan istifadə etdikləri kimi onun qeybdə olduğuna baxmayaraq, şiələr ondan istifadə edəcək , İmamətinin nurundan bəhrələnəcəklər.”[3]

2) İmam Sadiq (əleyhissəlam) buyurmuşdur: “Allah-taala Həzrət Adəm əleyhissəlamı yaratdığı gündən Qiyamətə qədər yer üzü heç vaxt İlahi hüccətsiz olmamış və olmayacaqdır. İstər zahiri və aşkar hüccət olsun , istərsə də qeybdə və gizlində olan hüccət. Əgər yer üzündə İlahi bir hüccət olmasa , Allaha sitayiş olunmaz.” Rəvayəti söyləyən şəxs İmamdan soruşur ki , camaat qeybdə olan İmamdan necə istifadə edəcək? İmam Sadiq (əleyhissəlam) buyurur: “Günəşdən bulud arxasında olarkən istifadə etdikləri kimi.”[4]

3) Həzrət Məhdi əleyhissəlamın özü də bu məsələ üzərində çox tə’kid etmişdir. O Həzrət İshaq ibn Yə’qubun[5] yazdığı suala cavab verərək buyurmuşdur: “Camaatın məndən istifadə etməsi eynilə bulud arxasında gizlənmiş günəşdən istifadə etmələri kimidir.”[6] Bu bənzətmənin açıqlamasında qeyd etmək lazımdır ki , günəşin işıq verməsi iki növdür. Biri bilavasitə , digəri isə vasitəli yolla işıq vermədir. Günəş bilavasitə işıq verəndə onun şüaları görünür , vasitəli işıqvermədə isə bulud günəşin qarşısını alır və onun nurunu cəzb edərək ətrafa paylayır.

Günəşin canlı aləmin inkişafında misilsiz xidməti onun bilavasitə təbiətə işıq verdiyi vaxta aiddir. Lakin onun istilik vermə , bitkilərin açılması və yetişməsi , həyat üçün lazım olan enerji istehsalı , ağacların bəhrə verməsi , güllərin açılması kimi işlərdə tə’siri bulud arxasında olarkən də özünü göstərir. İmamın qeyb pərdəsi arxasında olarkən mə’nəvi şüasının da bir sıra tə’sirləri vardır ki , tə’lim-tərbiyənin və bilavasitə rəhbərlik etməsinin dayanması onun vücudunun fəlsəfəsini aşkar edir. İndi həmin tə’sirlərdən bir neçəsini qısaca olaraq oxucuların nəzərinə çatdırırıq.

1. Dünyanın döyünən ürəyi

İmamət mövzusuna dair rəvayət olunmuş hədislərə və eləcə də, alimlərin gətirdiyi sübutlara əsasən, İmam dünyanın ürəyidir. Dünya bütün əzəmətilə ona bağlıdır. İmam varlıq aləminin qəlbi , dünyanın mərkəzi və Allahla məxluqat arasında bir vasitədir. Buna görə də, onun açıqda olması ilə qeybdə olmasının heç bir fərqi yoxdur. Lakin o , dünyada olmazsa bütün aləm bir-birinə dəyər. İmam Sadiq əleyhissəlamın dili ilə desək “Əgər yer üzü (bir an) İmamsız qalsa , öz sakinlərini kamına çəkər.”[7] İmam Zeynül-abidin (əleyhissəlam) buyurmuşdur: “Bizə görə Allah-taala asimanı yerə gəlməkdən , yerin lərzəyə gəlib sakinlərini məhv etməkdən saxlamışdır. Bizə görə Allah-taala yağış yağdıraraq öz rəhmətini yayır və yerdə olan ne’mətləri üzə çıxarır. Ancaq yer üzündə bizim nəsildən olan bir şəxs olmasa , yer öz sakinlərini kamına çəkər.”[8]

2. Allah dinini qorumaq

Əmirəl-mö’minin Həzrət Əli (əleyhissəlam) hər vaxt İlahi bir rəhbərin olmasının zərurətini vurğuladığı çıxışlarından birində buyurur: “İlahi , həqiqətən də belədir , yer üzü heç vaxt zühur edəcək və Allahın hüccəti olan bir şəxssiz olmamışdır. İstər həmin şəxs aşkarda olsun , istərsə də qeybdə. Bu , ona g ö rədir ki , açıq-aşkar İlahi sübutlar itib batmasın...” [9]

Zaman keçdikcə şəxsi fikirlərin məzhəbi (dini) məsələlərə qarışması və xəyanətkar əllərin səmavi tə’limlərə tərəf uzadılması nəticəsində bir sıra İlahi qanunlar öz həqiqətini itirir və din bə’zi təhriflərə mə’ruz qalır. Allahın göndərdiyi səmavi dinin həqiqətinin qorunub saxlanılması və təhriflərin qarşısının alınması məqsədilə bu vəzifə (dini qorumaq vəzifəsi) Allah tərəfindən seçilmiş bir İmam vasitəsilə davam etdirilməlidir. Hər hansı bir mühüm müəssisədə həmin idarənin sənədlərini oğrudan , yanğından və bu kimi hadisələrdən qorumaq məqsədilə seyflər qoyulur. İmamın qəlbi və böyük ruhu da səmavi tə’limləri ilk nazil olduğu gün kimi gözləmək məqsədilə İlahi qayda-qanunları qoruyub saxlamaq üçün bir seyfdir.[10] Hafiz ibn Həcər Əsqəlani “Səhihi-Buxari” kitabına yazdığı şərhdə Həzrət Məhdi əleyhissəlamın zühuru zamanı Həzrət İsa əleyhissəlamın göydən enərək onun arxasında namaz qılacağı barədə rəvayət olunmuş hədisləri qeyd etdikdən sonra yazır: “Həzrət İsa əleyhissəlamın dünyanın sonunda və Qiyamətə yaxın vaxtda göydən enərək bu ümmətdən olan bir nəfərin arxasında namaz qılması İslam alimləri arasında tamamilə düzgün olan bu nəzəriyyəni təsdiq edir ki , yer üzü heç vaxt aşkar sübutlarla Allaha görə qiyam edəcək bir hüccətsiz olmamışdır.”[11]

3. Ümid vermək

Döyüş meydanlarında fədakar döyüşçülərin bütün diqqəti düşmən qarşısında öz bayraqlarının dalğalanmasında olur. Bunun əksinə olaraq düşmən ordusunun da yeganə məqsədi onların bayrağını aşağı endirməkdir. Bunun səbəbi də odur ki , bayrağın dalğalanması döyüşçüləri həvəsləndirərək onlara ümid verir və daha artıq sə’y göstərmələrinə səbəb olur. Həmçinin, ordu başçısının da öz yerində olması döyüşçülərdə ruh yüksəkliyi yaradır. Ordu başçısı nə qədər sakit dursa da, yenə döyüşçüləri həvəsləndirir və daha artıq qəhrəmanlıq göstərməyə cəlb edir. Ancaq ordu başçısının öldürülməsi xəbəri yayıldıqda, böyük bir ordu bütün ruhiyyəsini itirir , hazırlığını əldən verərək başsız qalır. Nə qədər ki, bir ordu , yaxud bir cəmiyyətin başçısı sağdır , bu onların ruhiyyəsinin artmasına səbəb olur. Hətta başçı səfərdə , yaxud ölüm yatağında olsa belə, yenə də ordu , ya cəmiyyətin fəaliyyətdə olmasına gətirib çıxarır. Lakin onun ölüm xəbəri bütün ordunu , cəmiyyəti ruhiyyədən salır. Şiə məzhəbi sağ qalmış İmama olan əqidəsinə görə onu öz aralarında görməsə də, özünü başçısız hiss etmir. Təbii ki , bu əqidə qəlblərdə ümid işığını saxlamaqda və camaatı özlərinə yetişib böyük bir ümumdünya qiyamına hazırlaşmaqda öz tə’sirini göstərir. Fransanın Sarbon universitetində fəlsəfə dərsi deyən görkəmli fransız şərqşünası, professor Hanri Kerben deyir: “Mənim fikrimcə şiə məzhəbi Allahla bəndələr arasında əlaqəni həmişə qoruyub saxlamış və İmamətə əbədiyyət qazandırmış yeganə məzhəbdir. Yəhudilər Allahla insanlar arasında əsl vasitə olan nübüvvəti (peyğəmbərliyi) Həzrət Musa əleyhissəlamla qırılmış hesab edərək ondan sonra gəlmiş Həzrət İsa (əleyhissəlam) və Həzrət Məhəmmədi (səlləllahu əleyhi və alihi və səlləm) Peyğəmbər kimi qəbul etməmişlər. Eləcə də, məsihilər. (Onlar da bu vasitəni Həzrət İsa əleyhissəlamla sona çatmış bilirlər.) Müsəlmanların sünni məzhəbi də, Həzrət Məhəmməddən (səlləllahu əleyhi və alihi və səlləm) o tərəfə getməmiş və nübüvvətin Məhəmmədlə (səlləllahu əleyhi və alihi və səlləm) sona çatdığından sonra Allahla məxluqat arasında heç bir vasitə olduğuna inanmamışdır. Lakin şiə məzhəbi Həzrət Məhəmmədlə (səlləllahu əleyhi və alihi və səlləm) nübüvvətin başa çatması əqidəsində olsa da, təkamül və hidayət vasitəsi olan “İmamət”i həmişə qoruyub saxlayan yeganə məzhəbdir.”[12]


[1] Məhdi(əleyhissəlam) – böyük bir inqilab, səh.250.

[2] Üsuli-kafi,c.1, səh.338.

[3] Biharül-ənvar,c.52, səh.93 , c.36. səh.250.

[4] Biharül-ənvar,c.52, səh.92.

[5] Məktubuİshaqa Məhəmməd ibn Osman təhvil vermişdir.

[6] Əl-Qeybət,səh.177.

[7] Üsuli-kafi,c.1, səh.179.

[8] Əmaliyi-Səduq,səh.112.

[9] Şərhi-Nəhcül-bəlağə(İbn Əbil-Hədid), c.18, səh.347.

[10] Məhdi(əleyhissəlam) – böyük bir inqilab.

[11] Fəthəl-bari bişərhi-Səhihi-Buxari, c.6, səh.494.

[12] “Şiə məktəbi” jurnalının 2-ci nömrəsi. Tehran çapı 1960-cı il. səh.20. (Əllamə Təbatəbainin professor Hanri Kerbenlə söhbəti.)